Veqanlıq nədir? Kimdir veqanlar?

Dolmanın vətəni Azərbaycanda özümüzü ətsiz nə dərəcədə təsəvvür edə bilirik? “Kabab qanlı, igid canlı” düşüncəsinə zidd olan bu terminlə gəlin yaxından tanış olaq.


Kimdir veqanlar?
Veqan sözü tarixdə ilk Veqan Cəmiyyətinin həmtəsisçisi Donald Uatson tərəfindən “vegetarian” sözünün ilk və son hecalarının birləşdirilməsi ilə leksikona daxil olmuşdur. Vegetarian sözünün mənası isə latıncadan tərcümədə “sağlam“, “gümrah“ və “möhkəm” deməkdir. Veqanizm heyvan mənşəli qidalardan və digər heyvan məhsullarından, heyvanların istismar olunduğu bütün ticarət və əyləncə növlərindən imtina etməyə yönəlmiş fəlsəfə və etik həyat tərzidir.
Donald Watson 1994-cü ildə veqanizmi belə təsvir etmişdi:

Veqanizm heyvanlar aləminin istismar və zülmünün bütün növlərini istisna etmək və həyatı qorumaq üçün bir yoldur. Bitki aləminin məhsulları ilə yaşayan və heyvanlardan istehsal olunan bütün ticarət mallarının alternativlərindən istifadə etməklə ət, balıq, quş əti, yumurta, bal, heyvan südü və onun törəmələrini rədd edir. Bunun başlıca səbəbi ətlə yanaşı süd və yumurtanın da istehsalında standart sayılan proseduraların çox böyük qəddarlıq ehtiva etməsidir.

Hər nə qədər yeni anlayış kimi görünsə də, tarix boyu mövcud olmuş veqan fəlsəfəsi bir çox dahi şəxsiyyətlərin, yazıçıların, elm adamlarının və s. əsərlərində və fikirlərində öz əksini tapmışdır
Bəs nə üçün veqan qidalanma? Veqan qidalanma nə dərəcədə sağlamdır?
Amerika Dietoloqlar Assosiasiyasının (American Dietetic Association) da vurğuladığı kimi, düzgün planlaşdırılan bir veqan qidalanma rejimi insan sağlamlığına tamamilə uyğun, hətta müəyyən xəstəliklərin qarşısının alınması və müalicəsində faydalıdır.  
İllərdir yalnız bitki əsaslı qidalanan və tamamilə sağlam olan, aralarına peşəkar idmançıların, bir neçə uşaq dünyaya gətirmiş anaların da daxil olduğu yüz minlərlə insan əyani sübutdur ki, ət yemədən yaşamaq mümkündür. Yorğun hiss etməyinizə səbəb olan zərərli yağlı qidalardan fərqli olaraq, veqan/vegeterian yemək sizi enerjinizlə dolu hiss edir və artıq çəkidən xilas olmağın ən sağlam yoludur. Omnivor pəhrizin əksinə, liflərlə, antioksidanlarla, vitamin və minerallarla daha zəngin olması və bir çox ağır xəstəliklərin risk faktoru olan heyvan mənşəli yağları, xolesterini ehtiva etməməsi bitki əsaslı pəhrizin üstünlüklərindəndir.

O zaman şirlərə də izah edin ki, ət yeməsinlər.

Sizcə niyə hamımız ət yeməyin təbiətin qanunu olduğunu düşünürük? Yaşadığımız bu informasiya əsrində təbiət haqqında orta məktəb biologiya dərsində öyrəndiklərimizlə kifayətlənməyib, təbiət qanunları haqqında təsəvvürümüzü genişləndirməyimizə nə maneə olur? Biz öz həyatımızı doğurdanmı təbiət qanunlarına uyğun yaşayırıq?
Veqanlara əks-arqument kimi nümunə göstərilən heyvanların həyat mübarizəsi, əslində, ən yüksək intellektə malik olduğunu iddia edən insanların bir çox etik prinsipləri ilə üst-üstə düşmür (xəstə və ya zəif balanı ailədən çıxdaş edib ölümə tərk etmək, rəqiblərin balalarını öldürmək, qida uğrunda eqoist mübarizə və s.). Bəs niyə təbiətdən ayrılaraq yaratdığımız sivilizasiyanın içərisində məhz heyvan yemək mövzusunda təbiətə sadiq qalmağa çalışırıq? Heç bir ovçuluq instinktinə malik olmayan, bir heyvanı silahsız öldürməkdən aciz, heyvanı çiy halda yeyə bilməyən, hətta çiy ətə toxunduqdan sonra əllərini dezinfeksiya etməsi məsləhət görülən homosapiensin təbiətin qanunlarına uyğun olaraq ət yediyini deməsi nə qədər məntiqlidir? Sağlamlıq sahəsində araşdırmalar sübut edir ki, yaşamaq üçün heyvan yeməyə məcbur deyilik. Bəs məcburiyyət olmadığı tədqirdə heyvan yeməyin adı nədir? Dad zövqü üçün öldürmək! Bir vərdiş milyon illərdir formalaşmış ola bilər, ancaq, davam etmə müddəti heç bir davranışa bəraət üçün əsas deyildir. Quldarlıq da uzun illər davam etmişdi.
Hər şeydən əvvəl heyvanların alternativi var mı? Bizim alternativimiz var.  Bitki mənşəli qidaları həzm edə bilirik və yaşamaq uğrunda mübarizənin birbaşa içində deyilik. Ətrafımız market və bazarlarla, qida baxımından zəngin ərzaqlarla doludur. Hətta, son zamanlarda köhnə qidalanma vərdişlərindən ayrılmaqda çətinlik çəkən, ancaq heyvanları istismar etmək istəməyən insanlar üçün süd və süd məhsullarının, kolbasa kimi ət məhsullarının bitki əsaslı və eyni teksturaya malik alternativləri də satışa çıxıb. Biz hələ də özümüzü quru savannada aclıq və susuzluq çəkən, bitkilərlə qidalanmaq imkanı olmayan yırtıcı aslanla müqayisə etməyə davam edək?
Heyvanlar vəhşi təbiətlə əhatə olunub, biz isə öz yaratdığımız “mədəniyyət” ilə əhatə olunmuşuq. Mədəniyyət təbiətin dəyişdirilməsi, neqativlərinin modifikasiyası əsasında qurulur. Heyvanın qarşısındakı ovun qaçmaq şansı var və bu qidalanma bizimkindən daha ədalətli hesab oluna bilər, çünki insanın öldürdüyü canlının qaçmaq şansı da yoxdur. O cümlədən, öldürülmək üçün yetişdirilmiş, ömür boyu azadlığı dadmamış, özünü müdafiədən aciz heyvanları xüsusi alətlərlə və xüsusi qəddarlıqla (bəli, xüsusi qəddarlıq) qətlə yetirməyi necə təbiətdəki heyvanların həyat tərzi ilə müqayisə edə bilərik?
Ümumiyyətlə, axı niyə bu mövzuda düşünürük? Onsuz da, illərdir davam edən bir qidalanma tipi haqqında müzakirəyə nə hacət?
Çünki insan olmağın, yüksək intellektə malik olmağın bizə yüklədiyi bir məsuliyyət də həyatımızı ədalətli yaşamaqdır. O ədalət ki, özümüz üçün həmişə tələb edir və məhrum olanda böyük qəzəb keçiririk. Bəs niyə onu ancaq özümüz üçün tələb edirik? Gündəlik seçimlərimizin başqalarının həyatına təsirlərini bilmək kimi bir məsuliyyətimiz yoxdurmu? Yoxdursa, bizi digər canlılardan fərqləndirən ağlın mahiyyəti nədir? Sosial şəbəkələrdən istifadə edən hər kəs gec-tez bu cür məlumatlarla qarşılaşmırmı? Özümüz üçün tələb etdiyimiz ədaləti, həm də tətbiq etməli deyilik? Əslində, çox insan bu məsələdə həssaslıq göstərir. Öz mənafeləri uğrunda digər insanların hüquqlarını tapdalamayan, öz əxlaqi prinsipləri olan insanlar, nə xoş ki, mövcuddur! Ancaq onların da əksəriyyəti üçün əxlaqi prinsiplər yalnız insan növünə aiddir. Heyvanlara qarşı zorakılığa etiraz edən, hətta onları sevən insanların belə əksəriyyəti öz qida vərdişlərini dəyişdirməkdənsə, heyvanlara göstərilən əziyyətə göz yummağa meyllidir. Süd istehsalı üçün zorla hamilə buraxılıb doğuşdan sonra balasından ayrılan ana inəklərin hüquqları haqqında müzakirə cəmiyyətdə əsla ucuz qiymətə satılan saxta məhsulların əslində əməyi istismar edilən, əməyinin qarşılığını ala bilməyən işçilər tərəfindən hazırlanması haqqında xəbər qədər təsirli olmayacaq. Bunun səbəbi südün daha vacib olması deyil, mahiyyət etibarilə inək südü də həmin o ucuz məhsullar qədər qeyri-zəruri, faydasız, hətta toksikdir. Bəs niyə bu cür fərq qoyuruq və ya sual oluna bilər ki, niyə fərq qoymayaq?  Ümumiyyətlə, heyvanların yaşamaq hüququ olduğunu niyə deyirik? Cavab sadədir: insanların niyə yaşamaq hüququ varsa, ona görə! Bizi bir fərd edən hər şey eyni zamanda digər heyvanlarla ortaq xüsusiyyətimizdir: mənlik şüuru, hiss etmə qabiliyyəti, neqativ təsirlər qarşısında keçirilən stress, ağrıdan və ölümdən qorxu.
İnsanlar hansı səbəbdən yaşamaq hüququna malikdirsə, heyvanlar da məhz həmin səbəbdən yaşamaq hüququna malikdir. Dad zövqü və qidalanma vərdişləri üçün bir inəyin başını kəsməkdə heç bir əxlaqi problem olmadığını deyiriksə, fərqli hansısa mənafeyimiz üçün insan başı kəsməyin yanlış olmağını heç cür əsaslandıra bilmərik.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s