Eşidilməyən LGBTİQ+lərin hekayələri

Əfsuslar olsun ki, kuir icma ölkəmizdə yetəri qədər aktiv deyil. Kiçik hərəkətlənmələr baş verdikdə, müsbət addımlar atıldıqda isə bu sadəcə mərkəzdən – paytaxt şəhər Bakıdan çox da uzağa çıxmır. Ətraf regionlardaki digər LGBTİQ+ şəxslər ilə aramızda olan məsafə “bariyeri”ni qırmağımız üçün onlarla virtual-real olaraq əlaqələrimizi artırmalı, bir-birimizdən təcrid olunaraq parçalanmamağa çalışmalıyıq.

Zaman-zaman sosial mediyada öz həyat hekayələrini və problemlərini işıqlandıran azərbaycanlı kuir şəxslər isə elə məhz Bakı sakinləri olur. Bu dəfə bu situasiyanı dəyişmək istədim. Ölkənin fərqli bölgələrindən yeni nəfəslər öz həyat hekayələrini, yaşadıqlarını, öz şəxsi təcrübələrini bizlə bölüşərək öz isti sevgilərini ötürdülər;

“Ailəm məni belə də qəbul etdi”

İlk müsahib Cəlilabaddandır. “Salam, adım Vilayətdir, 18 yaşım var. Homoseksual kişiyəm. İlk dəfə özümü aynanın qarşısına çıxaraq kəşf etmişəm. Bunun anlamaqda çətinlik çəkirdim, elə bil mən başqasının vücudunda oturmuş, bir rol oynayıram. Mən özüm öz istədiklərimi edə bilmirəm. Bu çox dəyişik bir hissdir. Aynada özümə baxaraq “bu mən deyiləm. İstədiyim bu deyil, başqadır” dedim. Təəssüf ki, istədiyim həyatı yaşaya bilmirəm, amma bununla barışmışam. Özümü sevdiyim üçün də qəbullanmışam. Daha öncə sevgilim olub, amma ailəmin reaksiyasından sonra ayrılmalı olmuşam. Elə bu zamanda onlar da bildilər. Özüm ailəmə dedim, ailəm hər ailənin qarşıladığı kimi ilk öncə pis qarşıladı, lakin daha sonra qəbul etdilər. Dedilər ki, “sən bizim övladımız ol, istəyir gey ol, istəyir biseksual – biz sənin həyatına qarışa bilmərik.” Kənddə hər kəsə demişəm, əvvəl məni pis qarşılayırdılar, uşaqlarını qoymurdular oynamağa, danışmağa belə icazə vermirdilər, sonra öyrəşdilər. Bəzən qadınlarla oturub dərdləşirəm. Yaşadığın ərazidə başqa 3-4 gey dostum da var. Sinifimdə də hər kəs məni bilir, hamı ilk başda pis qarşılasalar da sonradan qəbullanırlar. İndi rahatam, çünki bilirəm ki, məni “bu” olaraq kənddə qəbullanırlar. İnsanlar məni “qadın” olarq təsəvvür edirlər, onlara hər dəfə vurğulayıram ki, gey olmaq sadəcə gey olmaqdır. Yeri gələndə, yolun ortasında da bunu demişəm. Normalda başqası deyəndə bunu qəbullanmırdılar. Mənim dostum da məndən ilhamlamıb kaminq-aut etdi, amma reaksiyalar eyni olmadı. Ailəsi tərəfindən zorakılığa məruz qaldı, qəbullanılmadı.”

“Mən ailəmdən ayrı yaşayıram, anam və atam Rusiyada yaşayır, mən isə buradayam. Əsgərliyə “voenni” bilet almaq üçün ərizə yazırdım, gözləməyimi dedilər və yeni bir işə başlayıb öz həyatımı qurmağa çalışacam. Dostlarımızla əsgərlikdən sonra böyük bir ev tutub birgə yaşamağı düşünürük.”

-Səncə, Bakıdakı LGBTİQ+lər ilə aranızda nə kimi imkan/çatımlılıq fərqi var?

“Düşünürəm, Bakıdakı LGBTİQ+lər istədikləri hər yeri gəzə bilirlər, maddi cəhəddən vəziyyətləri daha yaxşıdır. Mən isə 18 yaşda bunun fikrini çəkirəm. Mən də çalıram, amma ortalıqda bir şey yoxdur. Düzdür, kənddən çölə çıxa bilirəm, o da bəzən. Burada gediş-gəliş bahadır, parklar da daim azdır. Rayonda da insanlar tərs-tərs baxırlar və narahat oluram. Kənddə hamı məni tanıyır və öyrəşib deyə elə də reaksiya vermirlər. Amma rayonda pis-pis baxıb məni “qəhbə” hesab edirlər. Şəhərdə isə çox insan var, heç kim heç kimi tanımır deyə rahatdır.” deyə tamamlayır fikrini.

“O gün Masallıda (qonşu rayonda) bir oğlan ailəsi tərəfindən gey olduğu üçün evdən atıldı, heç bir yerə gedə bilmədi və intiharı çıxış olaraq görüb. Düşünürəm ki, biz dim-dik durmalı və bizə bunu yaşadanlardan intiqamımızı almalıyıq. Dəfninə mən də getdim uzaq olsa da. Biz bir-birimizə dəstək olmalıyıq, təssüf ki, bunu gec anladım. Tez anlasaydım ona yardım edərdim. Maddi imkanlarım zəyifdir, büdcəm azdır, mərc saytları və oyunlardan pul qazanıram, lakin bacardığımı edərdim. Bəzən həftələrlə pul olmur. Rayon yeri olduğundan qonşulardan – filan ala bilirsən. Daha əvvəl Rusiyada bir müddət yaşamışam, amma bilmirəm Bakı necə yerdir. Hər nə qədər bir müddət orada qalsam da. Bəzən əlimə iş düşür, amma mən rayondayam və onlara rayon deyən kimi yazmırlar. Məncə, şəhərdə olsam daha yaxşı maddi imkanım olardı. Yaxın vaxtda biletimi alıb rayondan çıxacam və daha azad olacam. Rusiyaya köçməyi də düşünürəm ya Bakıda qalmağı. Çünki biz burada qalıb haqqımızı tələb etdikcə bura da yaşana biləcək bir yer olacaq. Bəlkə də biz burada artsaq dövlət əngəl olmaz daha.”

“LGBTİQ+lərə rayonda iş verilmir və ya başqa gözlə baxılır. “Mən bunu işə alsam mənə nə deyəcəklər?” Deyə düşünürlər.”

“İrəlidə model olmağı və / və ya makiyaj kursları almağı düşünürəm. Son olaraq isə demək istəyirəm ki, heç vaxt özün olmaqdan vaz keçmə. Sənə qalan sən olacaqsan.”

“Çürük cəmiyyətin ən qatı hissələrində dünyaya gəlmişik”

Şəkidə yaşayan, Daniel (ad şərtidir) də Bakıdakı LGBTİQ+lərə nisbətdə daha çox basğıya məruz qaldığını və sosiallaşmaqda problem yaşadığını düşünür;

“20 yaşım var, homoseksual kişiyəm. 9-10 yaşımda hiss etmişdim. 3 il bundan öncə özümü tam şəkildə başa düşdüm və yetərli araşdırmalardan sonra ozümü, gey kimliyimi qəbul etdim və fəxr edirəm. Partnyorum olub, əsgərlikdə tanış olmuşduq və qayıtdıqdan sonra da əlaqəmiz davam etdi, amma tam anlamıyla sevgilim hələki, yoxdur. Lakin sevdiyim oğlan da, məni istəmədi – platonik.”

“Bacıma demişəm, amma ata ve anam bilmir, əgər atam bilsə sozün əsl mənasında başımı kəsər. Buna görə tam təhlükəsizliyimi təmin etdikdən sonra kaminq-aut etməyi planlamışam.”

“Bilirsiz Bakıda da, böyük çətinliklər var. Həmən-həmən hər birimizin üzləşdiyi ictimai-sosial basğılarla onlar da üzləşir, lakin onlar (comfort zone da, adlandıra bilərik bunu) digər LGBTQI+ insanlar ilə asanlıqla əlaqə yaradıb heç olmasa tek olmadığını ,yalnız olmadığını anlaya bilər, lakin rayonlarda və kəndlərdə bu demək olar ki, imkansızdır.”

Davamında “Ümid varam ki, planladığım şəkildə gedər hər şey və mən Niderlanda köçərəm.” deyir.

“Rayonlardaki LGBTQI+lara acıyıram, elə özüm daxil ki, bu çürük cəmiyyətin ən qatı hissələrində dünyaya gəlmişik.”

“Gizlicə atamın penisinə baxmışdım”

Deyir 17 yaşlı Mao (ləqəbidir). 

“Qaxda yaşayıram. Uşaqlıqdan bəri, öz cinsimə hədsiz duyğularım olub və bu qaçınılmaz idi, əsla özümü “bəlkə gəlib keçici bir şeydir” deyə sorğulamırdım, belə olduğunu bilirdim lakin bunu qəbullanmaq, ailəmə demək haqqında heçnə bilmirdim hətta bunun nə olduğunu belə bilmirdim. Buna görə də ilişmirdim, heç nəyi ta ki, özümü tanımağa, kim olduğumu, necə olduğumu anlayana qədər. Hətta yadımdadır uşaq ikən atam yatanda gizlicə penisini açıb baxmışdım.”

“Qəbulanma şəklim çətin olmadı çünki rahat birisiyəm. Hansı ki, “LGBTİQ+lər + dəstəkçilər” qrupuna (instagramda LGBTİQ+lər üçün söhbət qrupu) girdikdən sonra çox aydınlandım hələ də aydınlanıram və düzü qəbullanmağım üçün böyük xeyri oldu həmin qrupdakıların.”

“Partnyorlarım olub hansı ki, tanışlıq üçün saytlar var, sosyal şəbəkə və s. 

Ailəmə deməmişəm, özləri bəzi mesajlarımı görüblər – filan, daha doğrusu bacım. Əvvəllər çox homofob olmasına baxmayaraq qrupdan aldığım məlumaatları və özümün araşdırmış olduğum məlumatları bacıma da anlatdım, 2 ilimi çəkdi bu, izah ettim, başa saldım nə qədər də çətin olsa. Bacımın reaksiyası indi yaxşıdır, hətta əvvəlkindən daha da yaxşı, anam bildi daha sonra dəstəkləməsə, “Övlad, övladdı. Atsan atılmaz, satsan satılmaz” misalı.” 

“Bakıda daha rahat olardı deyə düşünürəm. Rayonum çox kiçikdir və burda basğı çox olur, hər gün nifrət dolu eyni baxışları görmək yorur insanı. Hər kəs kimi düşünürəm ama reallaşdırmağıma çox zaman var.

Rayonumda bilənlər əlbəttə var çünki gizlətmək yerinə əksinə daha da ifşalamağı seçirəm edirəm, yolda twerk (rəqs növü) edirəm, kimsə soruşa inkar etmirəm ama sadəcə soruşsa və s. Qısaca bilən insan az deyil.

Dostlarıma demişəm, çünki reaksiyaları mənə maraqlıdı, hətta bu haqda sual verib nələrisə öyrənməyə çalışmaqları məni çox sevindirir, hansı ki, bu il orientasiyamı bilsələr normal qarşılamayacaq bütün tanışlarımla bir dəfəlik əlaqəmi kəsmişəm.

Əgər kimləsə danışıramsa və çəkinmədən məndən soruşa bilirlərsə bəli, demişəm hətta məlumaatlandırmışam.

Rayonda yaşayanların hansısa imkana sahib olduqlarını düşünmürəm. Burda yaşayan insan bir pillə daha geri düşüncəli olduqları üçün heçnə alınmır.

Universitet tələbəsiyəm və qrup yoldaşlarım iyrənc dərəcədə homofobdurlar və məni böyük, stressli, həyəcanlı macəralar gözlədiyinə əminəm.

Ailəmlə yaşayıram və çox çətin insanlardılar, mentalitetə çox bağlıdırlar ama şükür ki, mənə çox qarışmırlar. Cəmiyyətimizə nifrət edirəm başqa da heç bir şey.

Sadəcə olaraq qəbullanmağa məcburdurlar. Ya qəbullanacaqlar ya qəbullanacaqlar. Onsuz, əllərindən bir şey gəlmir başqa. Sevirəm sizi” deyərək cümləsini tamamlayır.

“bu qadının pozğunluğundan betərdir…”

Salam, adım Elnarədir (ad şərtidir), Qarabağlıyam və ailəm orda yaşayır, 20 yaşım var, universitetdə oxumaq üçün gəlmişəm, əvvəl sadəcə lezbiyan olduğumu düşünürdüm amma indi biseksual olduğumu hiss edirəm. İlk dəfə 12 yaşımda hiss etdim ki, fərqli nəsə var. Əslində əvvəldən bilirdim bir qızı bu qədər sevmək ətrafıma yaddır və mənə də qəribə gəlirdi, dostlarımın içində mənə fərqli olan biri mütləq ki, olurdu. Bu çox qəribə idi, çox balacaydım ama 12 yaşıma çatanda bir gün anam məni bir qız üçün ağlayanda gördü. Onda mənə qəribə baxışları məni oyatdı sanki. “Bu nədir? Niyə beləyəm” dediyimi xatırlayıram. Olduğumuz kənddə, bir gey var idi və hamı ondan danışırdı, bir gün qardaşım evə gəlib, belə bir ifadə işlətmişdi: “bu qadının pozğunluğundan betərdir…”

Onda bütün daşlar yerinə oturmuşdu, çox qorxmuşdum: ölməkdən, öldürülməkdən, ailəmə layiq olmamaq, gələcək qorxuları. Bu normal idi, amma dediyim kimi mən çox balacaydım və bunların arasında itib batırdım, bir yerdən sonra biraz da böyüdüm, 14 yaşımda artıq görürdüm, bacarmıram, hətta belə bir şey də sınamışdım ki, bəlkə özümü güzgüdə çılpaq görsəm bilərəm ki, mən qızam və oğlanları sevməliyəm, uşaq ağlı. Onu sınayanda belə nə qədər ağlamışdım, utanırdım.”

Sevdiyim qız intihar edib özünü öldürdü”

“Gücüm çatmadı və anama dedim ilk, ciddiyə almadı, keçər gedər dedi və keçmədi təbii ki, 9-cu sinifdə həkimə apardı, hormon analizləri, beynimin içinə qədər yoxlandım deyə bilərəm, nəticə normal idi, bəs nə idi məni belə edən? Anam dedi yəqin, biraz da böyüsəm keçər, keçmədi və nəticə budur. Sevdiyim qız intihar edib özünü öldürdü heç bilmədiyim bir səbəbdən, illərlə depresiyada qalıb sonunda 3-cü kursda tamamilə “mən buyam” deyə bildim, amma gizlətdim yenə, insanlar məni tək qoyar qorxusu da vardı, zamanla çox yükləndim və çox ağır depressiv bir dönəm keçirdim keçən yanvar ayında. Beləcə vecimə olmadı, bacıma da, dostlarıma da orentasiyamı dedim. Yüngülləşmişdim sanki, özgüvən də gəlmişdi mənə, yaxşı dostlarım var, bir onu bilirəm.”

“Həmişə uzaqdan sevirdim insanları, amma qəbullanandan sonra “instagram”da elan səhifələrindən bir qızla tanış olub bir münasibət yaşadım, özümü onunla tam hiss edə bilirdim, mən həqiqətən bu idim, bir oğlan məni o qədər tamamlaya bilməzdi, daha sonra ayrıldıq və zamanla əslində oğlanlara da hissim olduğunu gördüm. Amma bu çox az idi və duyğularla bağlı deyildi, bir oğlana sevgi hissi deyəsən olmur, hələ də özümü tanımaq və tanımlamaqla məşğulam.”

“Bakıdakı kuirlər nisbətən daha şanslıdır, məncə. Ətraf onlara çox da qarışmır və isdədikləri vaxt ən azından canları sıxılanda çıxıb da gəzə bilirlər. Rayonda marketə getmək belə baş alçaqlığıdır və həmin qızın adı çıxır, ümumiyyətlə gey və lezbiyanlar düşünürəm ki, Bakıda insanlardan daha az mənfiliklər alırlar. Kənd və rayonda insanlar daha qatıdır.

Mən özüm sırf bu vəziyyətdən qurtarmaq üçün çarəni oxumaqda gördüm. Ümumiyyətlə özü olmaq üçün rayondakılar daha çox oxumalıdır, başqa cür ailəsindən və o qəribə cəmiyyətdən qurtulmaq çətindir.”

“Partnyor tapmaq çətindir”

Sonuncu müsahibim isə Şəmkirdəndir;

“Adım Turandır. Trans kişiyəm, heteroseksualam. Ailəmə genderimi söyləmişəm, ancaq qəbul etmirlər, həmçinin orientasiyamı da. Qohumlardan isə xalalarım, bibim, nənəmgil bilir. Yaşadığım ərazidəki insanlara heç nə deməmişəm, heç əlaqəm də yoxdur. Lakin onları məlumatlandırmağı istəyərəm. Sabah bir gün onların da yaxınlarından olan LGBTİQ+lər özünü göstərə bilər. Həmçinin istəyərəm, məni olduğum kimi görsünlər. Sevgilim olmayıb, virtualda tanış olduqlarım olsa da heç vaxt realda görüşə bilməmişik. Rayonda qalan adam üçün partnyor tapmaq çətindir.”

“İstər rayonda, istərsə də şəhərdə mənə elə gəlir ki, insan hər şeyi edə bilər. Özünə güvəndikdə bütün imkanları tapırsan.”

“Müəllimlik üzrə təhsil almışam, indi musiqi ilə məşğulam, işləyəcəm də. Hazırki vəziyyətə görə başqa variant görmürəm. “

“Ailəmlə birgə yaşayıram, düşünürdüm ki, onlar məni azad buraxacaqlar, amma elə olmadı. Rayon yerdində sözbaz insanlar çoxdur, amma bu mənim üçün problem deyil.”

“Cəmiyyətlə çox mübarizə aparmışam. Oxuduğum yerdə hədsiz problemlər yaşayırdım. Azərbaycan da belədir də. Hansı cinsiyyətdə doğulubsa gender disforiya yaşamayacağını düşünürlər, insanı sıxırlar, düşünmürlər ki, bizi idarə edən, beynimiz, ruhumuzdur.”

Bu yazını hazırlayarkən bir çox insanla danışdım, onların həyat hekayələrini dinləyərək bəzilərinin hekayələrini bu yazıya əlavə etdim. Ətraf regionlarda yaşayan LGBTİQ+lərin əsas problemləri icmaya və informasiyaya çata bilməməkdir. Məsafə bariyerinə görə yetəri qədər əlaqə qura bilmədiyimiz fərdlər regionlarda hədsiz çox fobik aktlarla üzləşirlər. Mediaya çıxışlarının, məlumatlarının yetəri qədər olmaması onların haqq mübarizəsini 2 qat əngəlləyir. İcmalaşa bilməmək problemləri birgə həll etməmizə də əngəl yaradır. Bu əngəlin əsas səbəbi sosial tədbirlərin əksəriyyətində iştirak edə bilməmələri və Azərbaycan dilində olan mənbələrin az olmasıdır. Buna görədir ki, danışdığım insanların əksəriyyəti sadəcə “gey”, “lezbiyan” və “trans” ifadələrini bilirlər. Özlərini də belə identifikasiya etməklə kimliklərini tapmağa çalışırlar. Hətta orada baş verən qətl, intihar halları əksərən üstü örtülü şəkildə tarixə qarışır.

*Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkürlər!

linki:https://kreosus.com/elimelikov06

2 thoughts on “Eşidilməyən LGBTİQ+lərin hekayələri

  1. Çox maraqlı məqalə idi. Təşəkkür edirəm. Cəmiyyət özünə nifrət etdirməyi çox yaxşı bacarır. Amma sevgi dolu dostları, anlayışlı yaxınları (bacısı və s.) olan LGBTİQ+lər digər LGBTİQ+lərə nisbətən daha şanslıdırlar, hər kəsdə bu şans olmur.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s